Günahkarın ibadəti

Sual: Müsəlman olaraq ölənlərin savab və günahları çəkildikdən sonra savabı çox olanların birbaşa Cənnətə girəcəyinə görə, indi günah işləsək, məsələn, açıq-saçıq gəzib içki içsək və sonra bu günahları ört-basdır edəcək qədər xeyirli və gözəl işlər görsək, məsələn, bulaq düzəltdirsək, kasıba əl tutsaq və əlavə başqa savablar qazansaq, Cəhənnəmə girməkdən xilas ola bilərikmi?
CAVAB
Bəli, savab işləməklə Cəhənnəmə girməkdən xilas ola bilərik, amma haramları qarşılaya bilən savablar çox böyük olmalıdır. Min kasıb geydirilib doyurulsa, bir vaxt namazı qəsdən qəzaya saxlamaq günahını ödəyə bilməz, bir manat zəkat borcu və ya çox az bir qul haqqı ödənmiş olmaz; çünki fərzlərin yanında nafilə savablar dənizə görə damla belə deyil. Düşmənin təyyarəsinə qarşı tapança və tüfəngin deyil, zenitin lazım olduğu kimi, haramlara da fərzlərlə qarşı çıxmaq lazımdır.

Bundan başqa günah işləyənin yaxşılıqlarına savab verilməz. Məsələn, içki içən bir kimsə namaz qılarsa, namaz borcundan xilas olar, lakin tövbə edib günahı tərk etmədikcə namaz qılanlar üçün vəd edilən böyük savablara qovuşa bilməz. Çünki dinimizdə günahı tərk etmək ibadət etməkdən əvvəl gəlir. Bir neçə hədisi-şərifin tərcüməsi belədir:
“Şərab [spirtli içki] içənlərin tövbə etmədikcə namaz, oruc, həcc, zəkat və sədəqələrinə savab verilməz”.
[Ənisül-vaizin]

“Kiçik bir günahdan qaçmaq bütün cin və insanların ibadətləri cəmindən daha yaxşıdır”.
[R. Nasıhin]

“Az bir haramdan qaçmaq 80 min nafilə həcc savabından üstündür”.
[Deyləmi]

İmam Rəbbani həzrətləri buyurur:
Bir fərzi qəsdən etməyənin və ya bir haramdan qaçmayanın, açıq şəkildə günah işləyənin etdiyi nafilə və sünnələri qəbul olmaz, savab verilməz. Bir manat zəkat borcunu verməyənin milyonlar verib gördüyü xeyir və gözəl işlərin heç biri qəbul olmaz. Tikdirdiyi məscidlərə, məktəblərə, xəstəxanalara, xeyir təşkilatlarına etdiyi köməklərə savab verilməz. (1/29)

Muhammed Hadimi həzrətləri buyurur:
Günah işləməyə davam etdikcə taat və ibadətlərin faydası olmaz. Heç birinə savab verilməz. (Bəriqə)

“Faydası olmaz, savab verilməz” deməyin mənası budur ki, fərzlər səhih olub borc ödənilsə də, o ibadəti etməklə hasil olan böyük savablara qovuşmaq mümkün deyil. Haram işləməyə davam edənin və fərz borcu olanın o mövzudakı nafilə ibadətlərinə onsuz da heç bir savab verilməz.